Выбери любимый жанр

Sonetlər - Şekspir Vilyam - Страница 14


Изменить размер шрифта:

14

134

Etiraf edirəm: dostum sənindir,

Onu mənə görə burax zaminə.

O ikinci mənəm, sənə yəqindir,

Bir təsəlli olsun həyatda mənə.

Fəqət danırsınız bu dostluğu siz,

O alicənabdır, sənsə tamahkar.

Qol çəkir kağıza, kağızın, şəksiz,

Mənası onunçün deyildir aşkar.

Ah, dostum yerimə zamindir, demək,

Sələmçi tək onu güdürsən hər an.

Nəhayət, özünə borclu edərək

Həm ona, həm mənə sahib olursan.

O girov qoysa da özünü, yenə

Azadlıq gətirə bilməyir mənə.

135

Dünyada hər kəsin bir arzusu var,

Sənin arzuların gəlməyir sana.

Bir istək qəlbimi yandırıb yaxar:

Arzumu qatasan arzularına.

Geniş qucağında diləklərinin

Tapılmır arzuma bir sığınacaq?

Arzular gül açır lütfünlə sənin,

Nə vaxt mənim arzum çiçək açacaq?

Ümmanlar nə qədər sudan bolsa da,

Gizlədir qoynunda yağışı yenə.

Sənin istəklərin sonsuz olsa da,

Arzuma bir yer tap, rəhm elə mənə.

Aşiqi öldürmə bəd rəftarınla,

Həyat ver arzuma arzularınla.

136

Könlün rədd edirsə görüşümüzü,

Sən ona söylə ki, öz arzun mənəm.

Hər qəlbdə arzunun yeri var, düzü,

Qoy arzum arzuna qarışsın, sənəm.

Doldur arzularla eşq xəzinəni,

Qəbul et mənim də bircə arzumu.

Bir sayı cəlb etməz heç bir kimsəni

Böyük haqq-hesabda, kim bilmir bunu?

Öz aşiqlərini bir-bir sayarkən

Qoy mən heçə dönüm, dəyməyim gözə.

Fəqət ləyaqətdən söz düşən zaman

Birinci mən olum, mən çıxım üzə.

Adımı sev, məni sevərsən onda,

Bil, adım arzudur, ölməz cahanda.

137

Kor etdin sən məni, ey kor məhəbbət,

Görmürəm mən əvvəl gördüklərimi.

(gözəlliyi duyub versəm də qiymət,

Baxıram ən pisə ən yaxşı kimi.

Yaxdı gözlərimi odlu baxışlar.

Gəmi tək limanda lövbər salaraq,

Gözlərim kələkdən vurub naxışlar,

Düzəltdi ləkəsiz könlümə qarmaq.

Kor zaman ümumi bir karvansara

Göründü qəlbimə xüsusi ev tək.

Kor olmuş gözlərim vurdu aşkara

Yalançı görkəmə düzlükdən bəzək.

Gözlərim indi də söyləyib yalan,

Bu ağır cəzanı çəkirlər hər an.

138

Düzlükdən yaranıb, — and içir pərim,

Bu, yalan olsa da, inanıram mən.

Elə zənn edir ki, yoxdur xəbərim

Sadəlövh gənc kimi qadın məkrindən.

Men de göstərirəm özümü cavan,

Ötüb şən günlərim, o bilir, əlbət.

Beləcə daima deyirik yalan,

Hər iki tərəfdə susur həqiqət.

Haqqa niyə baxmır o ehtiramla,

Niyə öz yaşımı demirəm açıq:

Məhəbbət yaşayır saxta inamla,

Yaşdan danışmağı sevmir qocalıq.

Odur ki, qovuşub yar olmuşuq biz,

Yalanla ovunur ürəklərimiz.

139

Heç vaxt məcbur etmə, sevimli gözəl,

Haqq verim mən sənin haqsızlığına.

Qəlbimi sözünlə yaralama, gəl,

Dağla baxışınla mərdi-mərdanə.

De, kimi sevirsən, o xumar gözlər

Üzümə baxmaqdan çəkinir hər dəm.

Kələk nəyə lazım, baxışın — xəncər,

Qarşısında çətin dayana billəm.

Ah, yaxşı bələdsən gözlərinə sen,

Əzabı göynədir vəfadarmı.

Mənə rəhm eyləyib aman verirsən,

Baxıb öldürürsən başqalarım.

Məni qəm içində saxlama dustaq,

Öldür baxışınla özümü ancaq.

140

Qəddar olduğun tək ağıllı ol, yar!

Nifrətin daşdırar səbir kasamı, l

Ürəyim ağrıdan göynər, sızıldar,

Çəkdiyim naləni eşidər hamı.

Ağılla, kamalla çalınır zəfər,

Məni sevməsən də, “sevirəm” de sən.

Ölüm ayağına düşən xəstələr

Yalnız şəfa dilər öz həkimindən.

Qırsan ümidimi, olaram dəli,

Ürək sirrimizi eylərəm bəyan.

İftira yaxanlar dolanar eli,

Haqqında uydurar min cürə böhtan.

Uzaq olmaq üçün tikanlı sözdən,

Qəlbən sərt olsan da, xoş görün üzdən.

141

Gözlərim nifrətlə zillənir senə,

Bütün günahların görünür bir-bir.

Qəlbim gözlərimin gedir əksinə,

Səni çox istəyir, səni çox sevir.

Səsin oxşamayır qulaqlarımı,

Əlin toxunanda əsmir bədənim.

Nəfəsin, dodağın hissdən kənarmı?

Heç biri kefimi açmayır mənim…

Beş hissim bir olub tutdular dilə,

Qəlbim nə dinlədi, nə də eşitdi.

Sənin qulluğuna can atdı elə,

Axırda özünü bədbəxt qul etdi.

Bununla təsəlli tapıram ki mən;

Mənim günahım da, cəzam da sənsən.

146

Ey günah mərkəzi, mənim qəlbim, din,

De, aclıq çəkirsən nə üçün, nədən?

Kirayə qaldığın dünya evinin

Haqqını verirsən öz ömrünlə sən.

Bu az müddət üçün nədir bu qiymət?

Hər vaxt qəbahətdən uzaq gəz, dolan.

Varlığın — bu böyük, əvəzsiz sərvət

Miras qalacaqdır qurdlara, inan.

Mənən bu dövləti artır hünərlə,

İztirab oduyla az yan, az qovrul.

Əbədiyyət qazan qalan günlərlə,

Daxilən varlı ol, zahirən yoxsul.

Olsan tamahına, nəfsinə hakim,

Ölümü öldürüb yaşarsan daim.

147

Eşqim qızdırmadır, od tutub tamam;

Ona əlac gərək xəstəlik kimi.

Davayla, dermanla keçinir müdam,

Əzab-əziyyətdir həbi, məlhəmi.

Ağlım bir təbibdir, loğmandır, ancaq

Onun sözlərinə baxmayır eşqim,

Ağlım atıb məni acıqlanaraq,

Xəstə sağalarmı olmasa həkim?

Ümidsiz, çarəsiz qalıb o gündən,

Batıb qərq olmuşam kədərə-aha.

Daim düşünürəm dəli kimi mən,

Gözümdə həqiqət görünmür daha.

Baxıram gözəlsən, parlaqsan, fəqət

Cəhənnəmdən bədsən, gecədən zülmət.

14
Перейти на страницу:

Вы читаете книгу


Şekspir Vilyam - Sonetlər Sonetlər
Мир литературы