Выбери любимый жанр

Sonetlər - Şekspir Vilyam - Страница 11


Изменить размер шрифта:

11

104

Üç qışın şaxtası göy meşələrdən

Üç yayını tacını alsa da hər,

Heç vaxt dəyişmirsən mənim üçün sən,

Ömründən ötüşmür illər, elə bil…

Üç nazəndə bahar güldü üç ayda,

Üç sarı payıza döndü, nəhayət.

Üç yazın çiçəyi soldu üç yayda,

Təzə-tər saxlayır səni təbiət.

Saatın əqrəbi dolanır elə,

Rəqəmdən rəqəmə keçir gizlincə.

Sənin gül hüsnün də belədir, belə,

Dəyişir, gözümə görünmür, məncə.

Əgər bu doğrusa, gül hüsnün, inan,

Dəyişir sən hələ doğulmamışdan.

105

Bütpərəst sanmasın qoy ellər məni,

Sevgilimin bütə bənzəri varmı?

Ona, onun haqda, eyni nəğməni

Deməkdən bezikib dil yorularmı?

Gözəldir, nəcibdir, sadiqdir bu gün,

Sabah da dəyişməz onu bu dövran.

Həmişə sabitdir fikrim bunun üçün,

— Həmişə yazıram bircə mövzudan.

Gözəllik, nəciblik, sədaqət — üç dürr

Birləşib bir tacda parlayır par-par.

Üçü də bir yerdə qəşəng görünür,

Odur ki, bir yerdə edirəm təkrar.

Gözəllik, nəciblik, sədaqət hələ

Vəhdətdə olmayıb heç kəsdə belə.

106

Keçmiş tarixlərə salanda nəzər

Surətlər görürəm — gül tək hər biri.

İgid cəngavərlər, qəşəng ledilər

Hüsnüylə bəzəmiş o vaxtkı şeri.

Ülvi gözəllikdən verilib soraq:

Əl-ayaq, dodaqlar, qaş-göz həmahəng.

Qədim şairlərdə məharətə bax,

Səni vəsf ediblər sən olduğun tək.

Əvvəldən deyiblər haqqında nə var,

Göstərib sənətin ülviyyətini.

Fəqət gül hüsnünü əks edib onlar,

Görə bilməyiblər ləyaqətini.

Onu biz görürük, baxırıq səssiz,

Közümüz heyrandır, dilimiz aciz.

107

Nə mənim öz qorxum, nə də aləmin

Sirli sabahından deyən peyğəmbər

Dünyada kirəkeş qalan sevgimin

Ömründən-günündən verməz bir xəbər.

Təzədən nur səpər, tutulsa da ay,

Gülər falçılar da öz sözlərinə.

Şübhə buludları dağılar lay-lay,

Zeytun sülh rəmzi tək çiçəklər yenə.

Mənim məhəbbətim — çiçəkli bahar,

Qorxutmur nə şaxta, nə də qar məni.

Məhv olar sənətsiz, avam tayfalar,

Kasıb şerlərim yaşadar məni.

Əbədi heykəlsən hər şerimdə sən,

Şahların heykəli uçacaq hökmən.

108

Yenidən söz qoşum ləyaqətinə?

İndi mən nə deyim, mən nədən yazım?

Qəlbimdə nə varsa, açmışam sənə,

Eşqimdən, sevgimdən təzədən yazım?

Daha sözüm yoxdur, qoy təkrar deyim

Hər gün dua təki dediklərimi.

Biz birik, bu sözdən kim doyar, deyim,

Səslənər əvvəllər olduğu kimi.

Məhəbbət əbədi yarandığından

İllərin hökmünə baş əymir, düzü.

Üzündə qırışdan görünmür nişan,

Qocanı cavana çevirir özü.

İnsanlar qocalıb tələf olsa da,

Məhəbbət gənc qalır, ölmür dünyada.

109

Heç vaxt mənə demə etibarsızsan,

Hayana getsəm də, yanına gəlləm.

Ürəyim sinəndə tapıb aşiyan,

Söylə, səndən necə ayrıla billəm?

Əbədi beşikdir sevgimə köksün,

Getmişdim, yanına gəldim yenidən.

Üstümdən ləkəni aparmaq üçün

Özümlə göz yaşı gətirmişəm mən.

Hicranın qoynunda qaldımsa dustaq,

Gəl, bunu zənn etmə zəiflik kimi.

Xəyalım yanından getmədi uzaq,

Bir an unutmadım səadətimi.

Sənsiz geniş dünya heç nədir, heç nə,

Mənim varım-yoxum sənsən yeganə.

110

Əfsus, bu doğrudur, hər yeri bir-bir

Dolandım, oynadım bir təlxək kimi,

Hissimi zorlayıb, eylədim təhqir

Mən yeni sevgimlə köhnə sevgimi.

Bəli, bu doğrudur, həqiqəti mən

Görmədim kor kimi, bilmədim neçin…

Yanıldım, dərk etdim səni yenidən,

Sınaqlar göstərdi ülvidir eşqin.

Hər şey olub keçib, sonu olmayan

Sevgimə nəzər sal, tükənsin ahım,

Seni sınamaram bir də heç zaman,

Sənsən sevgi tanrım, sənsən Allahım.

Təmiz, pak könlünə qəbul et məni,

Ucalt üfüqlərə həqir bəndəni.

111

Məni bədnamlığa düçar eyləyən

Günahkar bəxtimdir, bilirsən, əlbət;

Məni bəd əmələ vadar eyləyən

Bu kor taleyimə lənət, min lənət.

Boyaqçı əli tək adım pak olmaz, —

İşim rüsvay edir məni hər zaman.

Ad öz sahibindən heç vaxt ayrılmaz,

Kömək et, ləkəni yuyum adımdan.

Davanın-dərmanın olsa əlacı,

Xəstə tək içərəm, içərəm hər dəm.

Ən acı məlhəmi sanmaram acı,

Ən ağır cəzanı qəbul edərəm.

Şəfa tapmağımı istəsən əgər,

Dostum, təkcə rəhmin kifayət edər.

112

Alnıma vurulmuş qara damğanı

Örtür rəhmin, sevgin şəfəq saçaraq.

Göy ot da gizlədir yerdə nöqsanı,

Yaşıl bir örpəyə bürünür torpaq.

Sən mənim yeganə böyük dünyamsan,

Yaxşımı, pisimi özün de mənə.

Yoxdur səndən qeyri könlümə həyan,

Polad inamımı sındırmaz heç nə.

Böhtan səhrasında qalsam da belə,

Artıq hiss etmirəm heç bir hədəni, —

Karam gürzə kimi bu gündən belə,

Təkcə bu təsəlli yaşadır məni:

Qəlbimdə əbədi tutubsan qərar,

Sənsiz dünya mülkü məzardır, məzar.

113

Yenə də baxıram mən əvvəlki tək,

Fəqət necə seçim gördüklərimi?!

Gözüm xəyalıma köçübdür, gerçək,

Hüsnündən ayrılıb, gen düşən kimi.

Hər yerdə, hər şeydə görürəm səni,

Bir an da gözümün nuru əskilmir.

Quşların, güllərin düzgün rəsmini

Gözüm ürəyimə çatdıra bilmir.

Ya gözəl göyərçin, ya çirkin qarğa,

Heç bir fərqi yoxdur, birdir, bir mənə.

Gündüzə, gecəyə, dənizə, dağa

Baxıram, sənin tək görünür mənə.

Yalnız xəyalımda sənsən, əzizim,

Odur ki, hər şeyi səhv görür gözüm.

11
Перейти на страницу:

Вы читаете книгу


Şekspir Vilyam - Sonetlər Sonetlər
Мир литературы